Firefox getdikcə daha da sürətlənir
Səyyah sürəti necə ölçülür?
Veb tətbiqetmələrin cavabdehliyini ölçmək üçün ən çox istifadə olunan səyyah məhsuldarlığı testi Speedometer adlanır. Digər səyyah testləri mövcud olsa da, Speedometer 3 səyahət təcrübənizin sürətini necə ölçdüyümüzün yeni standartıdır. Ən son testlər bugünkü interneti daha yaxşı əks etdirir — vizual zəngin qrafiklərlə işləmək, mətni redaktə etmək, xəbər saytları kimi mürəkkəb və ağır veb-səhifələrlə qarşılıqlı əlaqədə olmaq — və o, səyyahın məhsuldarlığının tam mənzərəsini ölçür.
Yeni Speedometer 3 testi bütün internetə fayda vermək üçün hazırlanmış, hər bir böyük səyyah tərəfindən dəstəklənən əməkdaşlıq vasitəsilə hazırlanmış ilk böyük səyyah testidir.
Hər gün daha sürətli
Firefox heyrətamiz dərəcədə sürətli stilləşdirmə və səhifə düzümü, müasir JavaScript özəllikləri və istifadəçilərimizi sevindirmək və veb platformasını irəli aparmaq üçün yeni məhsuldarlıq təkmilləşdirmələri ilə dünya səviyyəli Gecko mühərriki ilə işləyir.
Yeni Speedometer 3 testlərində yaxşı nəticə göstərmək üçün bütün səyyahlar təkmilləşdirmələr etməli idi. Xüsusilə Firefox böyük irəliləyiş əldə etdi və bu işin birbaşa nəticəsi olaraq istifadəçilərimiz üçün nəzərəçarpacaq dərəcədə sürətləndi. Firefox həmişəkindən daha sürətlidir — daha sürətli səhifə yüklənmələri və daha rəvan qarşılıqlı əlaqə daxil olmaqla həqiqətən hiss edə biləcəyiniz sürətlə.
Daha sürətli internetə doğru
Mozilla həm öz səyyahımızı, həm də bütün interneti davamlı olaraq təkmilləşdirməyə sadiqdir. Məhz buna görə də biz Speedometer 3-ün hazırlanması üçün əməkdaşlığa sərmayə qoyduq ki, bu da öz növbəsində bütün səyyahların məhsuldarlığını artırdı. Beləliklə, hansı səyyahı seçməyinizdən asılı olmayaraq, Mozilla onun sürətli olmasını istəyir.