Firefox rəqəmsal izləri əngəlləyir
Rəqəmsal iz (fingerprinting) nədir?
Rəqəmsal iz adi çərəz əsaslı izləmədən daha müdaxiləçi olan onlayn izləmə növüdür. Rəqəmsal iz bir şirkət kompüterinizin avadanlığı, proqram təminatı, əlavələri və hətta nizamlamalarınıza əsasən sizin unikal profilinizi yaratdıqda yaranır. İstifadə etdiyiniz ekran, kompüterinizdə quraşdırılmış şriftlər və hətta veb səyyah seçiminiz kimi tənzimləmələriniz rəqəmsal iz yaratmaq üçün istifadə edilə bilər.
Geniş istifadə olunan noutbuk, fərdi kompüter və ya smartfonunuz varsa, rəqəmsal iz vasitəsilə cihazınızı unikal şəkildə müəyyən etmək daha çətin ola bilər. Lakin nə qədər çox unikal əlavəniz, şriftiniz və tənzimləməniz varsa, tapılma ehtimalınız bir o qədər asanlaşır. Şirkətlər rəqəmsal izinizi yaratmaq üçün bu unikal məlumat kombinasiyasından istifadə edə bilərlər. Məhz buna görə Firefox məlum rəqəmsal izləri əngəlləyir, beləliklə reklamlar tərəfindən izlənilmədən sevimli uzantılarınızı, mövzularınızı və fərdiləşdirmələrinizi istifadə etməyə davam edə bilərsiniz.
Rəqəmsal iz internet üçün zərərlidir
Rəqəmsal iz təcrübəsi səyyah yaddaşını təmizlədiyinizdə və ya məxfi səyahət rejimindən istifadə etdiyinizdə belə, izlənmək istəmədiyinizə dair açıq işarələrinizə məhəl qoymadan aylarla izlənilməyinizə imkan verir. Standart qurumları və səyyah istehsalçıları arasında rəqəmsal izin zərərli olduğuna dair demək olar ki, tam razılığın olmasına baxmayaraq, onun internetdə istifadəsi son onillikdə davamlı olaraq artmışdır.
Firefox rəqəmsal izləri əngəlləyir
Ən son Firefox səyyahı rəqəmsal iz toplamada iştirak etdiyi məlum olan şirkətlərə üçüncü tərəf sorğularını əngəlləməklə sizi rəqəmsal izlərdən qoruyur. Ziyarət etməkdən zövq aldığınız veb-saytları pozmadan bu məxfilik mühafizəsini təmin etmək üçün çox çalışmışıq. (Texniki detalları istəyirsinizsə, buradan ətraflı oxuyun.)
Və bu, tapmaq üçün axtarmalı olduğunuz dərin bir tənzimləmə deyil. Ən son Firefox səyyahında rəqəmsal iz əngəlləməsi standart, ilkin tənzimləmədir. Pərdəarxası necə izlənildiyinizi və Firefox-un bunun qarşısını necə aldığını görmək üçün məxfilik mühafizəsi panelinizə baş çəkin.
Real həyatda kiminsə addımlarınızı izləməsini yəqin ki, bəyənməzsiniz. Bunu internetdə qəbul etmək üçün heç bir səbəb yoxdur. Əgər sizdə hələ də Firefox yoxdursa, endirib özünüzü rəqəmsal izlərdən qoruyun.